Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

Bugün, 09:57 - Cəmiyyət

Əlilliyi olan şəxslərin əl işlərinin satışından əldə etdikləri gəlirlərin vergiyə cəlb edilməsi qaydasında dəyişiklik edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, dəyişikliklər əsasən kameral və səyyar vergi yoxlamalarını əhatə edir.

Belə ki, mövcud qanunvericiliyə görə, əlilliyi olan şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından əldə edilən gəlirlərindən xərclər çıxılmadan 2 % dərəcə ilə vergi tutulur.

Yeni qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində yuxarıda nəzərdə tutulan satışlardan əldə edilən gəlirlərlə bağlı ödəmə mənbəyində vergini tutmağa və tutulan vergilər barədə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına verməyə borclu olacaq.

Yuxarıda nəzərdə tutulan satışlardan əldə edilən gəlirlərdən xərclər çıxılmadan 2 faiz dərəcə ilə ödəmə mənbəyində verginin tutulması hallarının araşdırılması üçün Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən kənar qaydada kameral vergi yoxlamaları aparılacaq.

Ödəmə mənbəyində tutulan verginin yoxlanması zamanı yuxarıda nəzərdə tutulan satışlardan əldə edilən gəlirlərlə bağlı vergitutma obyektinin düzgün müəyyən edilməsi araşdırılmalıdır.