Bişkekdə ŞƏT-2026 Media və Analitik Mərkəzlər Forumu işə başlayıb

27-07-2026, 09:15 - Cəmiyyət

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illiyinə həsr olunmuş Media və Analitik Mərkəzlər Forumunun əsas tədbirləri 27 iyulda Ala-Arça Dövlət İqamətgahında başlayıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, forumda iştirakçılar informasiya əməkdaşlığının inkişaf etdirilməsi, media və beyin mərkəzləri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və qlobal media məkanındakı mövcud tendensiyaları müzakirə edəcəklər.

Tədbir Qırğızıstan Milli Xəbər Agentliyi "Kabar" və "Sinxua" Xəbər Agentliyi tərəfindən təşkil olunur.

Qırğızıstan Prezidenti Administrasiyasının İnformasiya Siyasəti Xidmətinin rəhbəri Dayırbek Orunbekov forumun açılış mərasimində çıxışı zamanı bildiirb ki, Media və Analitik Mərkəzlərinin 2026-cı il Forumu informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, intellektual əməkdaşlığın inkişafı və təşkilata üzv ölkələr arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində mühüm mərhələ olacaq.

D.Orunbekov qeyd edib ki, müasir dünya informasiya və texnologiyaların həlledici rol oynadığı yeni bir dövrə qədəm qoyub. Məlumatların yayılma sürətinin əhəmiyyətli dərəcədə artması isə kütləvi informasiya vasitələrinin və ekspert ictimaiyyətinin məsuliyyətini daha da yüksəldir.

Onun sözlərinə görə, bu gün informasiya ictimai şüura və dövlətlərin gələcəyinə təsir göstərən ən güclü vasitələrdən biridir. Bu baxımdan, tədqiqat mərkəzlərinin dərin analitik yanaşmasının jurnalistikanın operativliyi, dəqiqliyi və obyektivliyi ilə uzlaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

"Əminəm ki, analitiklər və KİV nümayəndələrinin birgə fəaliyyəti informasiya manipulyasiyalarına və etibarsız məlumatların yayılmasına qarşı etibarlı müdafiə olacaq, ictimaiyyət isə yalnız təsdiqlənmiş faktlarla təmin ediləcək", – deyə Orunbekov vurğulayıb.

O, həmçinin bildirib ki, Qırğızıstan daim açıqlıq, qarşılıqlı hörmət və konstruktiv dialoq prinsiplərinə sadiq qalır, eyni zamanda ŞƏT çərçivəsində informasiya, mədəni-humanitar, eləcə də ticarət-iqtisadi əlaqələri bundan sonra da inkişaf etdirmək niyyətindədir.

Çıxışının sonunda Orunbekov vurğulayıb ki, forum iştirakçılarının hər bir təklifi və irəli sürdüyü hər bir təşəbbüs təşkilat çərçivəsində əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək və onu keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək.