Rusiya XİN diplomatik missiyalara və beynəlxalq təşkilatlara nota göndərib

7-05-2026, 01:05 - Dünya

Rusiya Xarici İşlər Nazirliyi mayın 9-da Moskvaya hücum olunacağı təqdirdə Kiyevə cavab zərbələri endirəcəyi barədə diplomatik missiyalara və beynəlxalq təşkilatlara nota göndərildiyini bildirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskvada akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərə Rusiya Müdafiə Nazirliyinin mayın 4-də yaydığı xəbərdarlığın mətni göndərilib.

Notada qeyd olunur ki, Kiyev Moskvaya hücum planlarını həyata keçirəcəyi təqdirdə, Rusiya Silahlı Qüvvələri tərəfindən Kiyevə, o cümlədən qərar qəbulu mərkəzlərinə cavab zərbələrinin endirilməsi qaçınılmaz olacaq.

M.Zaxarovanın sözlərinə görə, bəyanata səbəb mayın 4-də İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvada Qələbə Gününün qeyd edilməsini pozmaqla bağlı fikirləri olub. O vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyinin xəbərdarlığı məhz bu təhdidlərə cavab kimi yayılıb.

Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, ölkənin xaricdəki diplomatik nümayəndəlikləri də Moskvanın mövqeyi barədə akkreditə olunduqları ölkələrə və beynəlxalq təşkilatlara əlavə məlumat verirlər.

M.Zaxarova Rusiya tərəfinin bəyanatlarına çox ciddi yanaşmağa çağırıb.