Albaniya TAP-a qoşulmaqla LNG terminalının tikintisi imkanını nəzərdən keçirir

Dün, 11:00 - İqtisadiyyat

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Albaniya hökuməti və ABŞ-nin "Argent LNG" enerji şirkəti Albaniya sahillərində Trans-Adriatik qaz kəmərinə (TAP) qoşulmaqla quruda yerləşən böyük mayeləşdirilmiş təbii qazın (LNG) saxlanması və yenidən qazlaşdırılması terminalının tikintisi imkanlarını araşdıracaq.

Luiziana ştatının Port-Furşon şəhərində illik 25 milyon ton gücündə LNG terminalı layihəsini hazırlayan "Argent LNG" şirkəti layihənin birgə qiymətləndirilməsi məqsədilə Albaniya hökuməti ilə anlaşma memorandumunun imzalandığını açıqlayıb.

Şirkətin məlumatına görə, terminalın Trans-Adriatik qaz kəməri (TAP), İon-Adriatik qaz kəməri (IAP) və Fier–Vlora qaz dəhlizi ilə birləşdirilməsi planlaşdırılır. Bu, LNG-nin Albaniya sahillərinə qəbul edilməsinə, saxlanmasına və daha sonra qazın regionun bir sıra bazarlarına tədarükünə imkan verəcək.

"Bu infrastruktur Rusiyadan asılı olmayan əlavə təbii qaz tədarük mənbəyi yaradacaq və regiona dəyişən enerji tələbatına daha geniş imkanlarla cavab verməyə şərait yaradacaq", - deyə şirkətin məlumatında bildirilir.

Məlumata görə, təklif olunan terminalın illik təxminən 5 milyon ton LNG-ni yenidən qazlaşdırmaq gücünə, eləcə də əhəmiyyətli həcmdə saxlama imkanlarına malik olması nəzərdə tutulur. Layihə Qərbi Balkanlar və Cənub-Şərqi Avropada, xüsusilə tələbatın pik dövrlərində, tədarükdə fasilələr və ya bazarda yüksək volatillik zamanı enerji təchizatının təhlükəsizliyini artırmağa imkan verəcək strateji regional enerji qovşağı kimi nəzərdən keçirilir.

Albaniyanın infrastruktur və energetika nazirinin müavini Erlind Sulo bu ilin martında ölkənin TAP vasitəsilə təbii qaz əldə etmək üçün əlverişli imkanlara malik olduğunu bildirib.

"Bu, daxili təbii qaz tələbatını ödəməyə, yeganə enerji mənbəyi kimi elektrik enerjisindən asılılığı azaltmağa və enerji resurslarını əhali, biznes və sənaye üçün daha əlçatan etməyə imkan yaradır. Biz bu istiqamətdə paralel olaraq iki layihə üzərində işləmək qərarına gəlmişik. Birincisi, TAP-ın çıxış nöqtəsi və üzən LNG terminalı ilə birləşdirilmiş inteqrasiya olunmuş layihə çərçivəsində Vlora istilik elektrik stansiyası layihəsinin bərpasıdır. İkincisi isə Albaniyanın ən böyük şəhərlərindən biri olan Korçanın qazlaşdırılmasıdır", - deyə o bildirib.

TAP Cənub Qaz Dəhlizinin Avropa hissəsidir və Azərbaycandakı "Şahdəniz" yatağından hasil olunan təbii qazı Avropa bazarlarına nəql edir.

Qaz kəmərinin uzunluğu 878 kilometrdir. O, Yunanıstan-Türkiyə sərhədindən başlayaraq Yunanıstan və Albaniyadan keçir, Adriatik dənizini keçərək İtaliyanın cənub sahillərinə çıxır.

TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir və bu göstəricinin 20 milyard kubmetrədək artırılması mümkündür.

TAP-ın 2021-ci ildə keçirilmiş bazar sınağının nəticələrinə əsasən, 2026-cı ilin yanvarından etibarən qaz kəməri illik əlavə 1,2 milyard kubmetr ötürücülük gücü təqdim edib. Bu həcmin 1,04 milyard kubmetri İtaliya, 0,16 milyard kubmetri isə Albaniya üçün nəzərdə tutulub.

TAP-ın idarəedici direktoru Luka Skiepati daha əvvəl Trend-ə verdiyi özəl müsahibədə qaz kəmərinin genişləndirilməsi ilə bağlı yekun investisiya qərarının 2027-ci ilin birinci rübündə qəbul ediləcəyinin gözlənildiyini bildirib.

“Bazar testi bazar iştirakçılarına maraqlarını ifadə etməyə və potensial olaraq uzunmüddətli güc rezervasiyası üzrə öhdəliklər götürməyə imkan verən tənzimlənən bir prosesdir. Bu öhdəliklər layihənin növbəti mərhələyə keçməsi üçün əsas şərtdir, çünki onlar hər hansı genişləndirmənin kommersiya baxımından davamlı və dayanıqlı olduğunu təsdiqləməlidir. Hər bir bazar testi iki mərhələdən ibarətdir: öhdəlik yaratmayan və öhdəlik yaradan mərhələlər”, – deyə o bildirib.

Skiepatti qeyd edib ki, 2025-ci ilin iyul ayında başladılmış 2025-ci il bazar testinin öhdəlik yaratmayan mərhələsi hələ də davam edir və proses növbəti mərhələlərə keçir. Bu mərhələlər çərçivəsində potensial genişləndirmə əlavə şəkildə işlənəcək və qiymətləndiriləcək, o cümlədən məsləhətləşmələr aparılacaq və yekun layihə təklifi hazırlanacaq.

“Praktik baxımdan bu o deməkdir ki, bazar tərəfindən maraq mövcuddur, lakin proses hələ də davam edir və yekun investisiya qərarı hələ qəbul edilməyib. Yeni güclərə sərmaye yatırılması barədə qərar layihənin iqtisadi cəhətdən səmərəli olmasını təmin etmək üçün bazar iştirakçıları tərəfindən kifayət qədər həcmdə uzunmüddətli məcburi öhdəliklərin götürülməsindən asılı olacaq. Növbəti əsas addımlar məsləhətləşmələrin tamamlanmasını, layihə təklifinin yekunlaşdırılmasını və öhdəlik yaradan mərhələyə keçidi əhatə edir. Kifayət qədər öhdəlik olduğu halda, güclər bazar iştirakçıları arasında bölüşdürülə və yekun investisiya qərarı qəbul edilə bilər. Hazırda bu yekun mərhələnin 2027-ci ilin birinci rübü ərzində başa çatacağı gözlənilir”, – deyə o izah edib.