Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazından enerji təchizatında yaranan fasilələr bərpa olunan enerji mənbələrinin strateji əhəmiyyətini daha da artırıb. Günəş və külək enerjisinin inkişafı ölkələrə idxal olunan yanacaqdan asılılığı azaltmaq, enerji təhlükəsizliyini gücləndirmək və elektrik enerjisinin təchizat xərclərini aşağı salmaq imkanı verir.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) “Bərpa olunan enerji 2026” (“Renewables 2026”) hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, Hörmüz boğazından enerji axınlarının pozulması neft və qaz qiymətlərinin artmasına, enerji bazarlarında dəyişkənliyin güclənməsinə səbəb olub. Bu şəraitdə bərpa olunan enerji mənbələri bir çox ölkədə dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib.
“Bərpa olunan enerji mənbələri geniş coğrafiyada mövcuddur və hər bir ölkənin enerji təhlükəsizliyini gücləndirmək üçün rəqabətqabiliyyətli şərtlərlə inkişaf etdirə biləcəyi daxili potensialı var”, – hesabatda qeyd olunub.
BEA vurğulayır ki, düzgün dövlət siyasəti sayəsində enerji təhlükəsizliyini, əlçatan qiymətləri və ekoloji dayanıqlılığı eyni vaxtda təmin etmək mümkündür. Bərpa olunan enerji mənbələri enerji təchizatını şaxələndirməklə yanaşı, idxal olunan yanacağa və qiymət dəyişkənliyinə məruzqalmanı azaldır.
Hesabata əsasən, 2010-cu ildən bəri bərpa olunan enerji istehsalının artması olmasaydı, 2025-ci ildə qlobal illik qalıq yanacaq tələbatı təxminən 8 faiz çox olardı. Bu həcm Hindistanın ümumi enerji istehlakına bərabərdir. Bundan başqa, bərpa olunan enerji mənbələri qlobal təbii qaz tələbatının 11 faizinə bərabər istehlakı əvəz edib. Bu, qazla işləyən elektrik stansiyalarının topdansatış elektrik enerjisi qiymətlərinə təsirini zəiflədib və böhran dövründə bir sıra ölkələrdə qiymət artımını məhdudlaşdırıb.