Bu günədək 642 itkin düşmüş şəxsə aid meyit qalığı ekshumasiya edilib - Əli Nağıyev

2-10-2024, 10:25 - Siyasət

Bu günədək Dövlət Komissiyası tərəfindən işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış 18 kütləvi məzarlıqdan və görülmüş digər təxirəsalınmaz tədbirlər çərçivəsində 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilmişdir.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.
DTX rəisi bildirib ki, hazırkı dövrədək aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizası nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərinin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanmışdır.
“Onlardan 131-nin eyniləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin nəzdində fəaliyyət göstərən Genetik Araşdırmalar Mərkəzi tərəfindən həyata keçirilmişdir. Həmin Mərkəz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığı ilə 2022-ci ildə yaradılmışdır”, - deyə Ə. Nağıyev qeyd edib.