Mədəniyyət Nazirliyi Azərbaycanın tanınmış teatr xadimi, rejissor və Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı məlumat yayıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Nazirliyin məlumatına görə, görkəmli sənətkar 9 sentyabr 2026-cı ildə 78 yaşında dünyasını dəyişib.
Qeyd olunur ki, Aleksandr Yakovleviç Şarovski 10 fevral 1948-ci ildə Bakı şəhərində anadan olub. O, 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib.
Şarovski 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1976-cı ildən S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb. Burada aktyor, rejissor assistenti, quruluşçu rejissor və 1993-cü ildən etibarən baş rejissor vəzifələrində fəaliyyət göstərib.
Sənətkar teatr səhnəsində 50-dən çox obraz yaradıb, 50-dən artıq tamaşaya quruluş verib. O, həmçinin "Yarımçıq qalmış mahnı", "Anın quruluşu", "Qorxma, mən səninləyəm" və "Lətifə" filmlərində çəkilib.
Aleksandr Şarovski Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə 1987-ci ildə "Əməkdar artist", 1998-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb. O, "Şöhrət" və "Şərəf" ordenləri, eləcə də Prezidentin fəxri diplomu ilə təltif edilib.
Mədəniyyət Nazirliyi Xalq artistinin vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
