Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verib

Bugün, 12:40 - Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi Polşanın Krakov şəhərində baş verən, insan tələfatı və çoxsaylı xəsarətlərlə nəticələnən atışma ilə bağlı başsağlığı verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Nazirlik həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı çatdırıb, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıb.

“Bu çətin zamanda fikirlərimiz Polşa xalqı ilədir”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, noyabrın 7-də günorta saatlarında Krakovun mərkəzində atışma baş verib. Polşa vətəndaşı olan 24 yaşlı şəxs yoldan keçənlərə atəş açıb. Hadisə nəticəsində ikisi əcnəbi olmaqla, altı nəfər həlak olub, 15 nəfər yaralanıb.

Atəş açan şəxs saxlanılarkən yaralanıb və sonradan xəstəxanada ölüb. Polis onun mənzilində valideynlərinin və bacısının meyitlərini aşkar edib.

Hadisə terror aktı kimi araşdırılır. Polşada ümummilli matəm elan edilib.

Terror aktından sonra Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Büronun əməkdaşları potensial təhlükə yarada biləcək beş nəfəri saxlayıblar.

Polşa Daxili İşlər Nazirliyinin mətbuat katibi Karolina Qaletskayanın sözlərinə görə, saxlanılan şəxslərin sosial şəbəkələrdəki fəaliyyəti potensial təhlükə mənbəyi hesab olunub.