Vladimir Putin və Donald Tramp sentyabrın 8-də bir saat davam edən telefon danışığı zamanı Ukraynadakı münaqişəni "son dərəcə açıq şəkildə" müzakirə ediblər.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kremlin diplomatik məsələlər üzrə müşaviri Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
Həmin gün Ukrayna dövlət başçısı Volodimir Zelenski Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin sülh yolu ilə həll imkanlarını müzakirə etmək üçün artıq bu ay bir araya gələ biləcəyini açıqlayıb. Lakin Rusiya məsələyə daha ehtiyatlı yanaşıb və bazar ertəsi belə bir görüş barədə konkret danışmaq üçün "hələ tez olduğunu" bildirib.
ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı Vaşinqtonun nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin həftəsonu Moskva və Kiyevə səfərindən sonra baş tutub. Onların məqsədi ABŞ-nin döyüşləri dayandırmaq cəhdlərini yenidən canlandırmaq və iki münaqişə tərəfi arasında yeni üzbəüz danışıqların keçirilməsinə nail olmaq idi.
Uşakov bildirib ki, Putin və Tramp telefon danışığı zamanı "Ukraynada nizamlanma məsələsinə diqqət yetiriblər". Onun sözlərinə görə, ABŞ prezidenti hərbi əməliyyatların tezliklə başa çatdırılmasına çağırıb, Rusiya prezidenti isə cəbhədəki vəziyyətə dair "obyektiv və ətraflı təhlil" təqdim edib.