Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyası hələ də yayılmaqda davam edir, lakin vəziyyət yaxşılaşmanın ümidverici əlamətlərini nümayiş etdirir.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“Biz [Ebola epidemiyası ilə mübarizədə] üstünlük əldə etdiyimizə dair ümidverici əlamətlər görməyə başlayırıq”, – deyə o qeyd edib.
“Artıq sağalmış şəxslər üçün müalicə üsullarının sınaqdan keçirilməsi və [təkrar yoluxmanın] qarşısının alınması tədbirləri geniş vüsət alır. Peyvəndlərin sınaqlarına yaxın həftələrdə başlanılmalıdır. Lakin nəzərə alın: epidemiya hələ də yayılmaqda və insanları öldürməkdə davam edir", - deyə o əlavə edib.
KDR-nin rabitə və media məsələləri üzrə nazirliyinin məlumatına görə, ölkədə Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı 3,5 mini ötüb. Ölüm hallarının ümumi sayı 3 510-a, Ebola xəstələrinin sayı isə 7 258-ə çatıb. Ölüm nisbəti 48,4 faiz təşkil edir.
KDR-də xəstəxanalarda və tibbi izolyasiya məntəqələrində xəstəlik əlamətləri olan 903 pasiyent müalicə olunur. Ebola virusuna yoluxmuş şəxslərlə təmasda olanların izlənmə səviyyəsi 78,6 faizə çatır. Ebola epidemiyası ölkənin 26 əyalətindən 7-sini əhatə edib. Hazırkı epidemiyanın episentri olan İturi əyalətinin payına təsdiqlənmiş Ebola qızdırması hallarının 78 faizi düşür.