“AzərEnerji” Bakının artan enerji tələbatı üçün yeni güc mərkəzi inşa edir.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planının, genişlənməkdə olan “Sea Breeze” layihəsinin, eləcə də Bakı və Abşeron yarımadasının artan enerji tələbatının qarşılanması məqsədilə “AzərEnerji” tərəfindən Pirşağı və Novxanı yaşayış məntəqələrinin sərhədində gərginliyi - 220/110/10 kilovolt, ümumi ötürmə gücü - 750 meqavolt amper olan yarımstansiya inşa edilir.
5,8 hektar ərazidə tikilən yeni 220 kilovoltluq “Sea Breeze” yarımstansiyasında işlər sürətlə davam edir və layihənin böyük hissəsi artıq icra olunub. İlkin mərhələdə iri həcmli torpaqtökmə işləri aparılaraq ərazi qurudulub, nəticədə sahə tikinti meydançasına çevrilib. Yağıntı və qrunt sularının həm yarımstansiya ətrafında, həm də qəsəbə ərazisində yığılmasının qarşısını almaq üçün drenaj və kollektor sistemləri inşa edilib.
“Sea Breeze” yarımstansiyanın tikintisi ilə paralel olaraq onun enerjisistemə inteqrasiyası üçün müasir şəhərsalma konsepsiyasına uyğun olaraq ümumilikdə 17,5 km uzunluğunda 220 kV-luq yeraltı kabel xətləri çəkilir. Bakı şəhəri üçün xüsusi əhəmiyyət daşıyan bu strateji enerji obyektinin ilin sonunadək tamamlanması nəzərdə tutulur.
“AzərEnerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, 220 kV-luq yarımstansiyasının istismara verilməsi ilə Bakının 220 kV-luq dairəvi elektrik təchizatı sxemi daha da genişlənəcək. Bu isə enerji axınlarının daha səmərəli paylanmasına, qəza və ya təmir hallarında istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına əlavə imkan yaradacaq.
Bununla yanaşı, yarımstansiyanın 110 kV-luq şəbəkələrlə inteqrasiyası mövcud yarımstansiyalar üzərindəki yükü azaltmaqla Bakı və Abşeron yarımadasında elektrik təchizatının dayanıqlığını daha da gücləndirəcək.
“AzərEnerji” tərəfindən yaradılan yeni güc mərkəzi gələcək yaşayış, turizm və biznes layihələrinin enerji təminatı üçün əlavə imkanlar yaradaraq paytaxtın uzunmüddətli urbanizasiya və iqtisadi inkişaf hədəflərinə xidmət edəcək.