Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

5-11-2026, 10:30 - Siyasət

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan “ASAN xidmət” bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” beynəlxalq tədbirinin iştirakçılarına müraciətində bildirilib.

“Bu təcrübəmizin 50-dən çox ölkə ilə paylaşılması və artıq müxtəlif ölkələrdə uğurlu tətbiqi “ASAN xidmət”in dövlət xidmətlərinin təşkilində səmərəli institusional model olduğunu sübut edir”, - deyə müraciətdə qeyd olunur.

Qeyd edək ki, Bakıda “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit keçirilir.

2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə (BMT) arasında imzalanmış Töhfə Sazişi çərçivəsində reallaşan sammit Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin birgə təşkilatçılığı ilə baş tutur.

Sammitdə BMT-ə üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edir.