Ombudsman Bakıdakı körpələr evində monitorinq keçirib

Bugün, 10:10 - Cəmiyyət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri Bakı şəhəri 1 nömrəli Körpələr Evində uşaqların hüquqlarının təmin olunması vəziyyətini araşdırıblar.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Ombudsman Aparatının məlumatına görə, monitorinq Ombudsmanın müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində həyata keçirilib.

“Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə monitorinq qrupu müəssisənin inzibati otaqlarına baxış keçirib, uşaqların yaşayış şəraiti, sağlamlığının qorunması, qidalanmasının təşkili və hüquqlarının təmin olunması vəziyyətini araşdırıb.

Müəssisənin rəhbəri Ombudsmanın nümayəndələrinə körpələr evinin fəaliyyəti və burada yerləşdirilən uşaqlarla bağlı ətraflı məlumat verib.

Monitorinqin yekununda qidalanmanın təhlükəsizliyinə nəzarət məqsədilə məhsul nümunələrinin götürülərək saxlanılması, menyunun tərtib edilməsi, dərman vasitələrinin saxlanma qaydaları və digər məsələlərlə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verilib.

Həmçinin uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair qanunvericilikdə nəzərdə tutulan tələblər rəhbərliyin diqqətinə çatdırılıb və izah edilib.