Qeyri-iş günlərində 18 nəfər xilas edilib, 72 yanğın söndürülüb

Bugün, 09:35 - Hadisə

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən 5-i azyaşlı olmaqla 18 nəfər xilas edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında 72 yanğına çıxış, 15 köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas olunub. Müxtəlif hadisələrlə əlaqədar, o cümlədən bağlı qapı arxasında qalma və avtoqəza halları üzrə 4 nəfərin meyiti təhvil verilib.

Nazirlik bayram günlərində vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və fövqəladə hadisələrə çevik reaksiya verilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışıb.