Azərbaycan zərgərlik məhsullarının ixrac payının artırılması hədəflənir

Bugün, 10:22 - İqtisadiyyat

Azərbaycanda keçirilən “Azerbaijan Jewelry Show” sərgisinin əsas məqsədlərindən biri yerli zərgərlik məhsullarının beynəlxalq bazarlarda tanıdılması, “Made in Azerbaijan” brendinin təşviqi və ölkənin ixrac səbətində zərgərlik sənayesinin payının artırılmasıdır.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev “Azerbaijan Jewelry Show” sərgisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sərginin keçirilməsində əsas məqsədlərdən biri Azərbaycan zərgərlik sənayesinin məhsullarının tanıdılması, “Made in Azerbaijan” zərgərlik məmulatlarının təbliği, həmçinin bu məhsulların Azərbaycan bazarında və region ölkələrində mövqeyinin gücləndirilməsidir.

Toğrul Abbasquliyev bildirib ki, sərgidə hazır zərgərlik məmulatları ilə yanaşı, zərgərlik sənayesində istifadə olunan avadanlıqlar, dəzgahlar, müxtəlif ləvazimatlar, müasir texnologiyalar, eləcə də dövlət və özəl sektor tərəfindən təqdim edilən xidmətlər nümayiş olunur.

O qeyd edib ki, sərgidə Azərbaycan şirkətləri ilə yanaşı, Türkiyə şirkətləri, sahibkarları və brendləri də iştirak edir. Bununla yanaşı, Özbəkistan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Rusiya və İsraildən alıcı və ziyarətçilərin qatılması nəzərdə tutulub.

Assosiasiya sədri vurğulayıb ki, Azərbaycan zərgərlik məmulatlarına yaxın coğrafiyada ciddi tələbat mövcuddur və bu marağın arxasında peşəkar Azərbaycan zərgərlik məktəbi dayanır.

“Bizim əsas missiyamız Azərbaycan zərgərlik məktəbini, milli ornament və naxışları, eləcə də bu sahədəki adət-ənənələri qoruyub saxlamaqdır. Bu baxımdan sərgidə Azərbaycan brendlərinin və “Made in Azerbaijan” məhsullarının geniş şəkildə təmsil olunmasına xüsusi önəm veririk”, – deyə o əlavə edib.

Toğrul Abbasquliyev həmçinin son illərdə zərgərlik sahəsinə göstərilən dövlət dəstəyini yüksək qiymətləndirib. O bildirib ki, gömrük və vergi güzəştlərinin tətbiqi sektorun inkişafı üçün mühüm stimul yaradıb.

Assosiasiya rəhbəri Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi ilə əməkdaşlığın sahənin inkişafına əlavə töhfə verəcəyini qeyd edib.

Qeyd edək ki, beynəlxalq formatda təşkil olunan “Azerbaijan Jewelry Show” sərgisində Azərbaycan və Türkiyədən zərgərlik sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edirlər.

Sərgidə qiymətli daşlar, qızıl və gümüşdən hazırlanmış zərgərlik məmulatları, külçələr və sikkələr, bijuteriya məhsulları, zərgərlik qablaşdırmaları, eləcə də zərgərlik sənayesi üçün avadanlıq və ləvazimatlar nümayiş etdirilir.