Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb

Dün, 09:43 - İqtisadiyyat

Bu il sentyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,7% çoxdur.

Avqustda ölkənin strateji valyuta ehtiyatları 3,955 milyard ABŞ dolları və ya 4,55% artıb.

Qeyd edək ki, 2026-cı ilin ilk 6 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 700 milyon manat və ya 0,8% ABŞ dolları artaraq 85,8 milyard ABŞ dolları olub.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyulun 31-də faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib: "Strateji valyuta ehtiyatları tədiyə balansının statistikasına əsasən 40 aylıq idxal mal və xidmətlərinin ödənilmsinə kifayət edir".

AMB sədri qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatları geniş manat kütləsini (M2 aqreqatı) 3,4 dəfə üstələyir.

Eyni zamanda, ilin əvvəlindən Azərbaycanın iqtisadi artımı əsasən qeyri-neft-qaz sektorunun genişlənməsi hesabına formalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 87 milyard 709,5 milyon manatlıq ÜDM istehsal olunub ki, bu da illik müqayisədə 1,2% çoxdur.

Hesabat dövründə neft-qaz ÜDM-i 0,8% azalaraq 26 milyard 181,9 milyon manata, qeyri-neft-qaz ÜDM-i isə 2,1% artaraq 61 milyard 527,6 milyon manata çatıb. Sənaye istehsalının ümumi dəyəri 0,4% azalaraq 44 milyard 620,3 milyon manat olsa da, qeyri-neft-qaz sənayesində istehsal 5,4% artaraq 14 milyard 605,9 milyon manata yüksəlib.

İqtisadiyyatın digər sahələrində də artım qeydə alınıb. Yanvar-avqust aylarında kənd təsərrüfatı istehsalı 2,6%, nəqliyyat və anbar təsərrüfatı xidmətləri 8,7%, informasiya və rabitə xidmətləri isə 10,7% artıb.

Makroiqtisadi göstəricilər fonunda qiymət artımı da diqqət çəkir. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb. Bu göstərici yanvar-iyul aylarında qeydə alınan orta illik inflyasiya səviyyəsi ilə eyni olub.

AMB inflyasiya proqnozunun yuxarı istiqamətdə yenidən nəzərdən keçirilməsini əsasən xarici mənşəli amillərlə əlaqələndirib. AMB sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair iyulun 31-də keçirilən mətbuat konfransında bildirib ki, inflyasiya və iqtisadi artım üzrə proqnozlar hazırlanarkən bir sıra əsas amillər nəzərə alınır. Bunlar arasında inflyasiyanın və iqtisadi artımın faktiki dinamikası da yer alır.

Onun sözlərinə görə, Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi ölkədə inflyasiya proqnozlarına təsir göstərən əsas xarici amillərdən biridir.

“İnflyasiya proqnozunun yuxarı istiqamətdə yenidən nəzərdən keçirilməsi əsasən xarici mənşəli amillərlə bağlıdır. Bu baxımdan Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi mühüm rol oynayır”, – deyə T.Kazımov bildirib.

AMB sədri qeyd edib ki, nominal effektiv məzənnənin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə daha zəif templə artacağı gözləntiləri də inflyasiya proqnozlarına təsir edən amillərdəndir.

Onun sözlərinə görə, nominal effektiv məzənnənin artımı inflyasiyanı azaldan faktor hesab olunur. Lakin məzənnənin artım tempinin zəifləməsi bu təsirin də azalmasına gətirib çıxarır.

T.Kazımov əlavə edib ki, iqtisadi artım proqnozlarına faktiki iqtisadi artım tempinin zəifləməsi, eləcə də iqtisadiyyatın potensial artım imkanlarında baş verən dəyişikliklər təsir edir.

AMB sədri vurğulayıb ki, inflyasiya proqnozlarının dekompozisiyası zamanı dövlət istehlakı, ev təsərrüfatlarının istehlakı, əsas kapitala investisiyaların dinamikası və digər makroiqtisadi göstəricilər də nəzərə alınır.